• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Elmi-tədqiqat müəssisələrində çalışanların sayı azalıb - SƏBƏBLƏR

Azərbaycanda Elmi-tədqiqat müəssisələrində çalışanların sayı azalıb - SƏBƏBLƏR
16.10.2026 09:15

Elmi-tədqiqat müəssisələrində çalışan 30 yaşadək tədqiqatçıların sayı 2025-ci ildə əvvəlki illə müqayisədə 30,9% azalaraq 1 257 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

2024-cü ildə bu yaş qrupunda 1 818 tədqiqatçı qeydə alınıb.

Gənc tədqiqatçıların ümumi tədqiqatçı sayındakı payı bir ildə 13%-dən 8,8%-ə düşüb.

Elmi-tədqiqat müəssisələrində çalışan tədqiqatçıların ümumi sayı 2025-ci ildə 14 296-ya yüksəlib. 2024-cü ildə bu göstərici 14 005 olub.

Tədqiqat və işləmələri həyata keçirən təşkilatların sayı isə 2024-cü ildəki 130-dan 2025-ci ildə 127-yə enib.

Deputat Ceyhun  Məmmədov bildirir ki, səbəb elmi fəaliyyət sahəsində maaşların az olmasıdır. 

"Azərbaycanda elmə maraq getdikcə azalır və bu tendensiya xüsusilə gənclər arasında daha qabarıq müşahidə olunur. Bunun əsas səbəblərindən biri elmi fəaliyyət sahəsində əməkhaqlarının aşağı olması, eləcə də tədqiqat imkanlarının məhdudluğudur. Gənclərin elmə marağının artırılması üçün ilk növbədə elmi işçilərin maaşı  yüksəldilməli, tədqiqat və araşdırma imkanları genişləndirilməlidir", - o bildirib.

Məmmədovun fikrincə, gənclərin elmi fəaliyyətə cəlb olunması üçün daha əlverişli tədqiqat mühiti yaradılmalı, onların araşdırmalar aparması və elmi nəticələr əldə etməsi üçün zəruri şərait təmin edilməlidir.

"Yalnız əməkhaqlarının artırılması deyil, eyni zamanda gənclərin elmi fəaliyyətə təşviq olunması, onların motivasiyasının gücləndirilməsi və əlavə dəstək mexanizmlərinin yaradılması da vacibdir. Bu istiqamətdə təqaüd proqramlarının genişləndirilməsi, gənc tədqiqatçılara dəstəyin artırılması və onların elmi fəaliyyət üçün daha əlverişli imkanlarla təmin olunması elmə marağın yüksəlməsinə töhfə verə bilər. Gənclərin elmi fəaliyyətə cəlb olunması üçün həvəsləndirmə tədbirləri, əlavə dəstək mexanizmləri və digər təşviq vasitələri kompleks şəkildə nəzərdən keçirilməlidir. Əks halda, elmi fəaliyyət üçün zəruri şərait və motivasiya yaradılmadan gənclər arasında elmə marağın artırılması çətin olacaq",- o vurğulayıb.

Professor Tahirə Allahyarova Azərbaycanda gənc tədqiqatçıların sayının azalmasının əsas səbəbləri arasında qrant imkanlarının məhdudluğunu və akademik karyera perspektivlərinin yetərincə stimullaşdırılmamasını göstərib.

"Xarici ölkələrdəki imkanlarla müqayisədə elmi işçilərin əməkhaqlarının aşağı olması, qrant və tədqiqat layihələrinə çıxışın məhdudluğu, karyera yüksəlişi imkanlarının yetərincə geniş olmaması perspektivli gənclərin başqa sahələrə və xarici universitetlərə üz tutmasına səbəb olur", - o bildirib.

Professor qeyd edib ki, bu tendensiyanın davam etməsi universitetlərdə gənc müəllim və alim çatışmazlığına, innovasiya potensialının zəifləməsinə, startapların sayının azalmasına və ölkənin beynəlxalq rəqabət imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər.

Allahyarova hesab edir ki, problemin həlli üçün gənclərin elmə cəlb olunması, mövcud tədqiqatçıların xaricə axınının qarşısının alınması və xaricdə çalışan azərbaycanlı alimlərin elmi potensialından ölkə daxilində səmərəli istifadə edilməsi istiqamətində sistemli strategiyalara ehtiyac var.

O bildirib ki, bunun üçün elmi qrantların artırılması, doktorantura və postdoktorantura proqramlarının genişləndirilməsi, gənc alimlər üçün təqaüd və mentorluq imkanlarının yaradılması, beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi vacibdir. Eyni zamanda, universitetlərlə özəl sektor arasında əməkdaşlığın inkişaf etdirilməsi və elmi nailiyyətlərin stimullaşdırılması gənclərin bu sahəyə marağını artıra bilər.

Professorun sözlərinə görə, Azərbaycanda elmin inkişafına təsir edən amillərdən biri də qlobal miqyasda elmi fəaliyyətin istiqamətlərinin dəyişməsidir. Hazırda fundamental və nəzəri tədqiqatlarla yanaşı, özəl sektorun dəstəklədiyi tətbiqi elmlərə, mühəndisliyə və texnologiyalara maraq artır. Süni intellekt sahəsində sürətlənən rəqabət də bu prosesi gücləndirir.

O qeyd edib ki, ölkələr süni intellekt, yaşıl enerji və biotexnologiya kimi strateji sahələrdə rəqabət qabiliyyətini və texnoloji müstəqilliyini qorumaq üçün elmi maliyyələşməni getdikcə daha çox bu istiqamətlərə yönəldirlər.

Allahyarova Azərbaycanda startap ekosistemində müşahidə olunan canlanmanı müsbət qiymətləndirsə də, özəl və korporativ elmi tədqiqat sektorunun hələ kifayət qədər formalaşmadığını vurğulayıb. Onun fikrincə, bu amil də gənclərin elmə cəlb olunmasını çətinləşdirir. Çünki gənclər daha yüksək gəlir və geniş karyera imkanları təklif edən informasiya texnologiyaları, maliyyə və biznes kimi sahələrə üstünlük verirlər.

Professor əlavə edib ki, elmi kadrların hazırlanması və saxlanılması üçün beynəlxalq təcrübədən yararlanmaq, xaricdəki alimlərin ölkəyə qayıdışını təşviq etmək və onların bilik və əlaqələrindən Azərbaycanda istifadə imkanlarını genişləndirmək vacibdir.

UNESCO 30 yaşa qədər olan tədqiqatçıların payının 2008-ci ildəki 17,5%-dən 2013-cü ildə 13,1%-ə düşdüyünü qeyd edib.  UNESCO sənədlərində qeyd edilir ki,gənc tədqiqatçıların elmə cəlb edilməsi ən mühüm qlobal prioritetlərdən biridir.Reallıqda isə müxtəlif ölkə və regionlar üzrə qeyri-bərabər vəziyyət mövcud olaraq qalır.

İstiqamət- 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Qeyd- Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb. 

Aytac Zeynalova

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol