Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdən oktyabrda 799 piyada əleyhinə mina, 180 tank əleyhinə mina, 3070 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, 4898,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
ANAMA-nın statistikası göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Onlardan 34 996-sı piyada əleyhinə mina, 21 022-si tank əleyhinə mina, 118 999-u isə partlamamış hərbi sursat olub.
Qurumun məlumatına əsasən, müharibədən sonrakı dövrdə indiyədək 176 237 hektar ərazi mina təhlükəsindən təmizlənib.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə işlərini bərpa və yenidənqurma prosesinin əsas istiqamətlərindən biri hesab edir. Rəsmi statistikaya görə, Azərbaycanda mina qurbanlarının sayı 3 400 nəfəri ötür. Onlardan 359-u uşaq, 38-i isə qadındır.
Təkcə 2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra mina partlayışları nəticəsində 382 nəfər zərər çəkib. Onlardan 55 nəfər həlak olub, 143 nəfəri isə mülki şəxslərdir.
Qlobal statistikaya əsasən, mina qurbanlarının 84%-ni mülki şəxslər təşkil edir. Mülki qurbanların 37%-i uşaqlar, ümumi mina qurbanlarının isə 81%-i kişilər və oğlan uşaqlarıdır.

























