FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.
Nazirlikdən bildirilib ki, noyabrın 15-i günün ikinci yarısından 16-sı axşamadək ölkə ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti müşahidə olunacaq.
Proqnoza əsasən, güclü külək əsəcək, bəzi yerlərdə intensiv yağış yağacaq, şimşək çaxacaq, ayrı-ayrı dağ çaylarından qısamüddətli sel və daşqın keçəcək.
FHN güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, bina və reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən, həmçinin hündür ağaclardan uzaq durmağı tövsiyə edib. Kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.
Nazirlik intensiv yağışlar nəticəsində yarana biləcək sel, daşqın və subasma təhlükəsinə görə riskli ərazilərdən uzaq durmağa çağırıb. Təhlükə yarandıqda yaxınlıqdakı yüksək ərazilərə qalxmaq və xilasedicilərin göstərişlərinə əməl etmək tövsiyə olunub.
İldırım təhlükəsi ilə bağlı isə elektrik cihazlarının şəbəkədən ayrılması, açıq havada elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanmamaq məsləhət görülüb.
FHN avtomobildə olan şəxslərə ildırım çaxarkən hərəkəti dayandırmağı, şüşələri qaldırmağı və təhlükə sovuşanadək gözləməyi tövsiyə edib.
























