Media və Yayım Şurası Fransadan idarə olunan YouTube kanalı ilə bağlı açıqlama yayıb

Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalında Gədəbəy rayonunun Söyüdlü kəndi və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə yayılan iddiaları əsassız adlandırıb.Bu barədə Şuranın açıqlamasında bildirilib.
Qeyd olunub ki, sözügedən materialda şayiə xarakterli məlumatların dövlət səviyyəsində qəbul edilmiş qərar kimi təqdim edilməsi əhali arasında təşviş yaratmağa, dövlət qurumlarına ictimai etimadı sarsıtmağa və cəmiyyətdə gərginliyi artırmağa yönəlmiş dezinformasiya kampaniyasının tərkib hissəsidir.
Şura bildirib ki, həmin "YouTube" kanalı daha əvvəl də Azərbaycanla bağlı sistemli şəkildə dezinformasiya və manipulyativ məlumatlar yayıb.
Məsələ ilə bağlı müvafiq platformaya rəsmi müraciət edildiyi və dezinformasiyanın yayılmasının qarşısının alınması üçün zəruri tədbirlərin görüləcəyinə ümid edildiyi qeyd olunub.
Media və Yayım Şurası ictimaiyyəti şayiə xarakterli məlumatların təsiri altına düşməməyə, media subyektlərini və sosial şəbəkə istifadəçilərini isə yayılan məlumatların doğruluğunu aidiyyəti qurumların rəsmi məlumatları əsasında yoxlamağa və təsdiqlənməmiş iddiaları yaymamağa çağırıb.
Son xəbərlər 
Daha çox 























