Mediayaya ayrılan vəsaiti artırmaq lazımdır - təklif

Hikmət Babaoğlu media və televiziya yayımına ayrılan vəsaitin artırılmasını təklif edib
Milli Məclisin deputatı Hikmət Babaoğlu media və televiziya yayımına ayrılan dövlət vəsaitinin artırılmasının vacibliyini bildirib. O hesab edir ki, bu sahələrin gücləndirilməsi ideoloji təhlükəsizlik baxımından əhəmiyyətlidir.
Deputat Milli Məclisin iclasında çıxışı zamanı qeyd edib ki, media və televiziya yayımı üçün 68 milyon 369 min manat vəsait nəzərdə tutulub.
Onun sözlərinə görə, bu məbləğin 53,5 milyon manatı televiziyalara, 14,5 milyon manatı isə media yayımına ayrılır.
Babaoğlu bildirib ki, milli düşüncənin və milli düşüncə platformasının formalaşmasında media, televiziya və informasiya yayımı mühüm rol oynayır.
“Bunlar elə ideoloji təxribatlardır və ideoloji təhlükəsizlikdir. Belə olan halda, məsələn, 68 milyon, onun 53,5 milyonu televiziyalara, 14,5 milyonu media yayımına ayrılır. Mənə elə gəlir ki, gələcəkdə başqa sahələrdən vəsait ayıraraq bura yönəldə bilərik və yaxud müstəqil bir mənbə kimi bu sahələri daha da gücləndirə bilərik. Çünki bu, gələcəyin çağırışıdır”, – deputat qeyd edib.
O, çıxışında kibertəhlükəsizlik və xarici mənşəli informasiya resurslarının Azərbaycana qarşı fəaliyyətini də xatırladaraq, media sahəsinin gücləndirilməsini zəruri sayıb.

Son xəbərlər 
Daha çox 























