İlham Əliyev və Mehriban Əliyeva Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Ümumi sahəsi 179,5 hektar olan kəndin birinci mərhələsi 62,57 hektar ərazini əhatə edir. Bu mərhələdə 242 fərdi ev, məktəb binası, körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi və çoxfunksiyalı bina inşa olunub.
Evlər iki, üç, dörd və beşotaqlıdır. Mənzillər su, elektrik enerjisi, qaz, günəş panelləri və yüksəksürətli internetlə təmin edilib, kənddaxili yollar asfaltlanıb.
Çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek, market, dərzi və gözəllik salonunun fəaliyyət göstərməsi nəzərdə tutulub.
Kənddə 80 yerlik körpələr evi-uşaq bağçası, Bayraq meydanı, uşaq oyun meydançası, idman zonası və park da yaradılıb.
Dövlət başçısına və birinci xanıma 264 şagird yerlik Cahangirbəyli tam orta məktəbində yaradılan şərait barədə məlumat verilib. Məktəbdə 13 sinif otağı, kimya və fizika laboratoriyaları, musiqi, informatika, hərbi hazırlıq, rəsm və qrim otaqları, kitabxana, 160 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana yaradılıb. Məktəbin ərazisində iki açıq idman meydançası da salınıb.
Qeyd edək ki, Cahangirbəyli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Ordusu 2020-ci il oktyabrın 21-də kəndi işğaldan azad edib. Kəndin təməli Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin mayında qoyulub.
X X X
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə də görüşüblər.
Görüşdə çıxış edən Prezident İlham Əliyev sakinləri Zəfər Günü və doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib.
Dövlət başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır və artıq 100 minə yaxın insan Qarabağa və Şərqi Zəngəzura qaytarılıb.
İlham Əliyev qeyd edib ki, Cahangirbəyli və Soltanlı kəndlərinə ümumilikdə təqribən 700 ailə qayıdır.
Prezident şəhidlərin xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayıb və sakinlərə cansağlığı arzulayıb.
Sonda dövlət başçısı sakinlərə yeni mənzillərin açarlarını təqdim edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.
Prezident İlham Əliyev sakinlərə mənzillərin açarlarını təqdim edib.
























