Ermənistan hökuməti “TRIPP İnkişaf Şirkəti”nin yaradılmasına dair sazişi təsdiqləyib

Ermənistan hökuməti respublikanın Nazirlər Kabineti ilə Amerikanın “TRIPP Development Company” (TDC) US şirkəti arasında “TRIPP İnkişaf Şirkəti” QSC-nin yaradılması haqqında səhmdar sazişi layihəsini təsdiqləyib.
Qərara əsasən, Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinə hökumət adından sənədi imzalamaq səlahiyyəti verilib.
Şirkət 2026-cı il iyunun 1-də Vaşinqtonda və iyunun 4-də İrəvanda imzalanmış, oktyabrın 28-də ratifikasiya olunmuş və noyabrın 11-də qüvvəyə minmiş “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsi üzrə Ermənistan–ABŞ strateji əməkdaşlıq sazişi çərçivəsində təsis edilir.
Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyanın sözlərinə görə, şirkətin idarə heyəti 5 nəfərdən ibarət olacaq və onlardan 2-si Ermənistan tərəfindən təyin ediləcək.
Sazişdə siyasi xarakterli məsələlər, üçüncü tərəflərin mülkiyyət strukturunda və layihələrdə iştirakı, investorların seçimi, konsessiya müqavilələrinin şərtləri, icra orqanının seçilməsi və satınalma siyasəti də daxil olmaqla, yalnız hər iki tərəfin razılığı ilə qərar verilə biləcək 16 istiqamət müəyyənləşdirilib.
Qaleçyan konsessiya hüquqları verən yeganə tərəfin Ermənistan hökuməti olaraq qaldığını vurğulayıb. Baş nazir Nikol Paşinyan isə sazişin bir həftə ərzində imzalanacağını və bundan sonra şirkətin respublikada qeydiyyata alınacağını bildirib.
























