Böyük vədlərlə başlamaq istəməzdim - ilk açıqlama

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə yeni fəaliyyətində ilk addımların universitetdəki mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olacağını açıqlayıb.
Abbaszadə bu barədə sosial şəbəkədəki paylaşımında yazıb.
“Yeni fəaliyyətimə böyük vədlərlə başlamaq istəməzdim. İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması, tələbələrin fikirlərinə diqqətlə yanaşılması olmalıdır”, – Abbaszadə bildirib.
Onun sözlərinə görə, universitetdə yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Eyni zamanda, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməlidir.
Abbaszadə bildirib ki, universitet gəncləri yalnız peşəyə deyil, həm də ölkənin gələcəyi üçün müstəqil qərar qəbul etməyə və məsuliyyət daşımağa hazırlamalıdır.
“İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm”, – o qeyd edib.
Abbaszadə Dövlət İmtahan Mərkəzindəki (DİM) fəaliyyəti və keçmiş həmkarları ilə də vidalaşıb. O bildirib ki, illər ərzində imtahan sisteminin hər kəs üçün açıq, şəffaf və əlçatan olması üçün kollektivlə birlikdə çalışıb.
Məleykə Abbaszadə Prezident İlham Əliyevin noyabrın 19-da imzaladığı sərəncamla DİM-in İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək BDU-nun rektoru təyin olunub. Digər sərəncamla Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib.
Abbaszadə 1994-cü ildən ölkənin ali məktəblərə qəbul sistemində rəhbər vəzifələrdə çalışıb. O, 2000-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri təyin olunub, daha sonra fəaliyyətini DİM-in rəhbəri kimi davam etdirib.

Son xəbərlər 
Daha çox 























