Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video

Təhsil İnstitutunun Tədris resursları mərkəzinin direktoru Zaur İsayev dərsliklərdəki bəzi mətnlərlə bağlı plagiat iddialarını rədd edib. O, mətnlərin tədris materialına çevrilərkən adaptasiya olunduğunu bildirib.
İsayevin sözlərinə görə, televiziya verilişlərində gedən müzakirələrin hüquqi əsası olub. O, sonradan müvafiq təşkilata müraciət edildiyini və məsələlərin sakit rejimdə aydınlaşdırıldığını deyib.
O bildirib ki, dərsliklərə daxil edilən mətnlər ciddi meyarlara cavab verməlidir və bu meyarlara uyğun əsərləri adi yazılmış ədəbi nümunələr arasında tapmaq mümkün olmur.
"Onları mütləq adaptasiya eləmək, uyğunlaşdırmaq lazımdır," – İsayev deyib.
O, müzakirə mövzusu olan süjetlərin müəllifi bəlli olmayan hadisələr olduğunu, müxtəlif ölkələrdə fərqli formalarda işıqlandırıldığını vurğulayıb.
İsayevin sözlərinə görə, yaradıcı şəxslər belə süjetləri bədiiləşdirir, obrazlara xarakter verir, dramatik məqamlar əlavə edir və tədris üçün yararlı formaya salırlar.
İsayev əlavə edib ki, işçi qrupu süjeti ilk dəfə işıqlandıran və Braziliyada yaşayan yazıçı ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, yazıçı süjeti bədiiləşdirdiyini etiraf edib.
O, təhsil sahəsinin şagirdlərlə yanaşı valideynləri, nənə-babaları da əhatə etdiyini, 1-ci sinifdən 11-ci sinfədək demək olar ki, bütün əhalini maraqlandırdığını deyib. İsayev bunu gündəmə gəlmək üçün "uğurlu mövzu" adlandırıb.
























