Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir

Azərbaycan yeni dərsliklərin hazırlanması prosesində Böyük Britaniyanın "Macmillan Education" və Cambridge University Press, Sinqapurun isə "Marshall Cavendish" və "Alston" nəşriyyatları ilə əməkdaşlıq edir. Bunu dərsliklərin hazırlanma strategiyasına həsr olunmuş tədbirdə çıxış edən Təhsil İnstitutunun şöbə müdiri Rasim Abdurazaqov bildirib.
Onun sözlərinə görə, beynəlxalq əlaqələr strategiyanın dörd əsas istiqamətindən biridir. Digər istiqamətlər müəllif seçimi, dərslik komplektlərinin konsepsiyasının hazırlanması və müəllif qruplarının işinin təşkilini əhatə edir.
Abdurazaqov qeyd edib ki, konsepsiya hazırlanarkən şagirdlərin PIRLS, TIMSS və PISA nəticələri təhlil olunur, tanınmış beynəlxalq nəşriyyatların dərslikləri öyrənilir, fənn kurikulumları təhlil edilərək təkmilləşdirilir. Müəllif qrupları isə təcrübəli dərslik müəllifləri, beynəlxalq məktəblərin müəllimləri və gənc alimlərdən formalaşdırılacaq.
Rəsmi əlavə edib ki, işlər ibtidai (I–IV siniflər) və orta (V–IX siniflər) təhsil səviyyələri üzrə aparılır, hazırlanan dərsliklər üçün pilot sınaq təşkil olunacaq. Məktəbəhazırlıq pilləsi üzrə 5 yaşlılar üçün də ayrıca iş görülür.

























