Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır

Azərbaycanın Avropa İttifaqına təxminən 2-3 QVt həcmində yaşıl enerji ixrac etməsi nəzərdə tutulur. Bunu Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin Hidrogen və Yaşıl Texnologiyalar Departamentinin rəhbəri Rəna Hümbətova bildirib.
Onun sözlərinə görə, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırması bu ilin əvvəlində tamamlanıb. İtaliyanın “CESI” konsaltinq şirkətinin rəhbərlik etdiyi tədqiqat işləri həmçinin Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsini də əhatə edib.
Departament rəhbərinin sözlərinə görə, layihənin texniki-iqtisadi əsaslandırma mərhələsi uğurla başa çatıb və növbəti mərhələyə – “Workstream 2”yə keçid qərara alınıb.
O qeyd edib ki, ikinci mərhələ iki əsas istiqaməti əhatə edəcək. Bunlardan biri ilkin texniki dizaynın və layihə üzrə texniki spesifikasiyaların hazırlanması, digəri isə icra planı və satınalma strategiyasının müəyyənləşdirilməsidir.
Hümbətova bildirib ki, satınalma strategiyası və icra planı üç istiqamət üzrə formalaşdırılacaq.
“Azərbaycan-Gürcüstan quru dəhlizi, Gürcüstan-Rumıniya sualtı yüksək gərginlikli sabit cərəyan (HVDC) kabeli, həmçinin Rumıniya-Macarıstan quru bağlantısı olacaq. Növbəti mərhələdə texniki dizayn, təhlükəsizlik və inteqrasiya tələbləri, mühəndislik əsasları, müqavilə paketləri, layihə qrafiki, satınalma yanaşması və risklərin idarə edilməsi tədbirləri müəyyənləşdiriləcək”,- o bildirib
Departament rəhbəri əlavə edib ki, layihə üzrə yekun investisiya qərarının 2029-cu ilin sonunadək verilməsi gözlənilir.
O vurğulayıb ki, layihənin reallaşdırılması nəticəsində Azərbaycandan Avropa İttifaqına illik deyil, layihənin nəzərdə tutulan ötürmə gücü kimi təxminən 2-3 QVt yaşıl enerji ixracı mümkün olacaq. Bu təşəbbüsün həyata keçirilməsi ilə 3,6 milyon ton CO2 ekvivalentində emissiyanın azaldılması hədəflənir.

























