Bakı Musiqi Akademiyasında Listin büstü açılıb

Məşhur macar bəstəkarı, virtuoz pianoçu, müəllim, dirijor, publisist, musiqi romantizminin görkəmli nümayəndəsi Frans Listin (1811-1886) büstünün bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında açılış mərasimi keçirilib.
Tədbirdə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkeni, SSRİ-nin və Azərbaycanın xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, tanınmış pianoçu, bəstəkar Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri, BMA-nın professor-müəllim heyəti və tələbələri, Macarıstanın ölkəmizdəki səfirliyinin nümayəndələri iştirak edib.
Büstün müəllifi Azərbaycanın xalq rəssamı, "Şöhrət" ordeni ilə təltif edilmiş, tanınmış Azərbaycan heykəltaraşı Natiq Əliyevdir.
"Bu büst müəllifi Natiq Əliyev və Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovanın akademiyaya hədiyyəsidir", bu barədə büstün açılış mərasimində akademiyanın rektoru Fərhad Bədəlbəyli bildirib.
Macar bəstəkarının musiqi irsinin böyük pərəstişkarı olduğunu bildirən Natiq Əliyevin sözlərinə görə, Frans Listin büstü onun musiqi xadimlərinə həsr etdiyi ilk əsəri deyil.
"Ferens List təkcə görkəmli bəstəkar, musiqiçi deyil, həm də əla müəllim, gözəl söz və şeir ustadı olub. Onun akademiyamızda büstünün açılması təhsil ocağımız üçün əlamətdar hadisədir", - Yeganə Axundova bildirib.
Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkeni də Listin büstünün Musiqi Akademiyasında açılışını şərəfli hadisə adlandırıb. "Bundan sonra Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin də büstünün Budapeştdəki List Akademiyasında qoyulması yaxşı olar və iki musiqi ocağı arasında əməkdaşlıq əlaqələrini daha da sıxlaşdırar", - deyə səfir bildirib.
Tədbir əsnasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə Budapeştdəki List Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Büstün açılışından sonra BMA-nın və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbələrinin ifasında görkəmli macar bəstəkarının əsərləri səsləndirilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















