Ceyhun Bayramov: Azərbaycan Aİ ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır

Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasında maraqlıdır və bu istiqamətdə Litvanın dəstəyini müsbət qiymətləndirir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budrislə birgə keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, viza liberallaşdırılması məsələsi müzakirələr zamanı da gündəmə gətirilib və Litva tərəfinin bu prosesi dəstəkləməsi Azərbaycan üçün mühüm mesajdır.
Onun sözlərinə görə, Avropa İttifaqının qaydalarına əsasən, viza siyasəti ayrı-ayrı üzv dövlətlər tərəfindən deyil, ümumilikdə İttifaq səviyyəsində həyata keçirilir. Bununla belə, üzv ölkələrin mövqeyi prosesin irəlilədilməsi baxımından əhəmiyyətlidir.
Bayramov qeyd edib ki, Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrlik edəcək olması bu məsələnin gündəliyə gətirilməsi üçün əlavə imkan yarada bilər.
O vurğulayıb ki, viza rejiminin liberallaşdırılması turizm, təhsil və biznes sahələrində qarşılıqlı səfərləri asanlaşdıracaq, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafına töhfə verəcək.
Nazir əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün də viza məhdudiyyətlərinin aradan qaldırılmasına hazırdır və bu istiqamətdə qarşılıqlı yanaşmanın tərəfdarıdır.




Son xəbərlər 
Daha çox 



















