Litva şirkəti işğaldan azad edilmiş ərazidə 650 yeni iş yeri yaradacaq

Litva şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazisində 50 milyon manatlıq investisiya yatırır
Litvanın “Dominari” şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazisində – Araz Vadisi İqtisadi Zonasında mebel istehsalı müəssisəsi yaradır. Layihə çərçivəsində təxminən 50 milyon manat investisiya yatırılması və 650 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə keçirilən mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, Azərbaycan və Litva arasında iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və biznes əməkdaşlığı imkanları müzakirə olunub.
Onun sözlərinə görə, tərəflər biznes dairələrinin ehtiyaclarını və əməkdaşlığın asanlaşdırılması üçün tələb olunan əlavə dəstək mexanizmlərini öyrənmək barədə razılığa gəliblər. Bu məsələlərin iki ölkə arasında gələcəkdə hazırlanacaq sənədlər paketində nəzərə alınması planlaşdırılır.
Bayramov qeyd edib ki, sabah keçiriləcək biznes forumda Litva nümayəndələrinə Azərbaycanda biznes imkanları və perspektivli investisiya sahələri barədə ətraflı məlumat veriləcək.
XİN rəhbəri həmçinin nəqliyyat və logistika sahəsində Azərbaycanın artan potensialının Avropa ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

























