Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir

Şəki rayonunda ailə üzvləri tərəfindən dəfn edilən qadının ölüm faktı rəsmiləşdirilməyib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirir ki, ölümün səbəbi müəyyən edilmədiyindən müvafiq tibbi sənədin verilməsi mümkün deyil.
"Real TV" xəbər verir ki, məsələ sosial şəbəkələrdə yayılan görüntülərdən sonra müzakirələrə səbəb olub.
Mərhumun oğlu Taleh Rəsulovun sözlərinə görə, anası, Şəki rayonunun Suçma kənd sakini, 1959-cu il təvəllüdlü Gülzar Rəsulova yanvarın 17-də Bakıya toy mərasiminə gedərkən yolda vəfat edib.
Onun sözlərinə görə, qadının ölüm faktı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılana qədər qeydə alınıb. Ailə mərhumun cənazəsini Şəkiyə apararaq dəfn edib. Lakin bundan sonra ölüm haqqında tibbi sənəd almaq mümkün olmayıb.
Taleh Rəsulov bildirib ki, məsələ ilə bağlı bir neçə dövlət qurumuna müraciət etsə də, nəticə əldə edə bilməyib. O, ölüm haqqında şəhadətnamə olmadığı üçün bank əməliyyatlarında da problemlə üzləşdiyini deyib.
TƏBİB-dən bildirilib ki, qadın Sabunçu Tibb Mərkəzinə gətirilənədək ölüm faktı qeydə alınıb. Həkimlər mərhumun Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılmasını təklif etsələr də, ailə üzvləri bundan imtina ediblər.
Qurumun məlumatına görə, ölümün səbəbi müəyyən edilmədiyindən müvafiq tibbi sənədin verilməsi mümkün olmayıb.
TƏBİB-in açıqlamasında qeyd olunub ki, ölümün səbəbi məlum olmayan, zorakı ölümə şübhə yaranan və digər xüsusi hallarda patoloji-anatomik yarma aparılması tələb olunur. Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün belə hallarda tibbi ekspertiza vacibdir.
Bildirilib ki, ailə üzvlərinin patoloji-anatomik yarmadan imtina etməsi və mərhumun bu prosedur həyata keçirilmədən dəfn olunması ölüm səbəbinin müəyyənləşdirilməsini çətinləşdirir və ölüm haqqında tibbi sənədin verilməsinə mane olur.
Məsələnin hüquqi qaydada həlli üçün ailənin məhkəməyə müraciət etməsi zərurəti yaranıb.
























