Azərbaycan və Litva arasında 45 sənəd imzalanıb, daha 7-si üzərində iş aparılır

Azərbaycan və Litva arasında münasibətlərin müxtəlif sahələrini əhatə edən 45 sənəddən ibarət müqavilə-hüquq bazası mövcuddur, daha 7 sənəd üzərində iş davam etdirilir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə keçirilən mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, bu gün iki ölkə arasında strateji əməkdaşlığa dair birgə bəyanat imzalanıb. Onun sözlərinə görə, sənəd Azərbaycan-Litva münasibətlərində yeni tarixi mərhələ hesab oluna bilər.
Bayramov bildirib ki, 2007-ci ildə iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin inkişafına dair ilk çərçivə sənədi imzalanıb. Yeni bəyanat isə müxtəlif sahələri əhatə edən geniş və detallı sənəddir.
XİN rəhbəri iqtisadi və ticarət əlaqələrinə də toxunaraq bildirib ki, hazırkı ticarət dövriyyəsi iki ölkənin potensialına uyğun deyil. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün atılmalı addımları müzakirə ediblər.
O əlavə edib ki, litvalı həmkarı ilə yanaşı, bir qrup iş adamı və şirkət rəhbəri də Azərbaycana səfər edib. Kestutis Budrisin sabah keçiriləcək biznes forumda və dəyirmi masada iştirakı nəzərdə tutulur.

























