Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür

Azərbaycan-Ermənistan normallaşma prosesi regionda bir çox yeni perspektivlər açır. Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, Estoniya bu il Ermənistanda və Moldovada da səfirlik açıb. Bu addımlar ölkəsinin regiona uzunmüddətli bağlılığını nümayiş etdirir.
Tsaxnanın sözlərinə görə, Azərbaycanda səfirliyin açılması da Estoniyanın uzunmüddətli öhdəliyidir. O qeyd edib ki, iki ölkə arasında tarixi, şəxsi əlaqələr, ortaq maraqlar və beynəlxalq çağırışlar mövcuddur.
Nazir vurğulayıb ki, son bir ildən artıq müddətdə Azərbaycan-Estoniya münasibətləri əhəmiyyətli dərəcədə inkişaf edib. Bu ay Tallində hökumətlərarası komissiyanın iclasının keçirilməsi də əməkdaşlığın praktiki müstəvidə genişləndiyini göstərir.
O, Azərbaycanın enerji sahəsində təcrübəsinin, Şərq-Qərb nəqliyyat əlaqələrinin və Orta Dəhlizin inkişafının Estoniya üçün böyük imkanlar yaratdığını diqqətə çatdırıb.























