• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn ay 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək

Gələn ay 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək
18.08.2022 21:00
Sentyabrın 6-dan 8-dək Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi "ADEX” keçiriləcək. Tədbirin təşkilati işlərinin icrası "Caspian Event Organisers” şirkətinə həvalə edilib.


Şirkətdən verilən xəbərə görə, COVID-19 pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra sərgi yenidən təşkil edilir. Müasir silah və texnika sərgisi olan "ADEX” Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirəcək.

26 ölkədən 200-dən çox şirkəti bir araya gətirəcək "ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edəcək. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq. İlk dəfə İordaniyadan olan şirkətlərin də qatılacağı builki sərgidə Belarus, İran, İsrail, Qazaxstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr milli stendləri ilə iştirak edəcəklər.

Sərginin baş sponsoru "Jadara Equipment & Defense Systems”, qızıl sponsoru "Turkish Aerospace”, bürünc sponsoru isə "ASFAT” şirkətidir.

Qeyd olunub ki, Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək "ADEX” sərgisi müzəffər ordumuzun bu qələbəsində müstəsna rol oynayan müasir silahların əhəmiyyətini, ölkəmizin hərbi sənaye kompleksinin qüdrətini vurğulamaq üçün xüsusi önəm kəsb edir.


Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci və üçüncü zallarında yerləşdiriləcək. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdiriləcək. Tədbir iştirakçıları ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış ola biləcəklər.


"ADEX”də ən müasir silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək, konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, hərbi-texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq.


Sərgidə təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və s. sektorlar təmsil olunacaq.


"ADEX” ilə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian” sərgisi də keçiriləcək. Qeyd olunan sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur.


"Securex Caspian” sərgisi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin, vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək edəcək.


Sərgini Azərbaycanın hüquq-mühafizə və xilasetmə orqanlarının, qəza-xilasetmə və sərhəd xidmətlərinin rəhbərləri, beynəlxalq nümayəndə heyətləri, eləcə də şəhər infrastrukturu, nəqliyyat, sənaye müəssisələri və s. obyektlərin təhlükəsizliyinin təmin olunmasında iştirak edən mütəxəssislər ziyarət edəcəklər.


"Securex Caspian” sərgisində siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza-xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və s. bölmələr təqdim olunacaq.


"ADEX” və "Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Konfransı (pilotsuz sistemlər, kibertəhlükəsizlik, hərbi tibb sahəsində innovasiyalar və s. aktual mövzularda sessiyalar keçiriləcək), hərbi orkestrin çıxışları, hərbi mövzularda VR oyunları və digər tədbirlər təşkil ediləcək.


Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək.


Beləliklə, "ADEX” sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevriləcək.


"ADEX”-in proqramı ilə rəsmi sayt vasitəsilə tanış olmaq mümkündür (https://adex.az/az-programme/ ).


"Securex Caspian” sərgisi dövlətin, cəmiyyətin və vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün əlverişli şəraitin yaradılması, həmçinin yeni müqavilələrin imzalanmasına geniş imkanlar yaradacaq. Daha ətraflı məlumatı rəsmi internet saytından, həmçinin sosial şəbəkələrdən əldə etmək olar (www.adex.az, www.securexcaspian.az).


Sərgidə iştirak etmək üçün rəsmi sayt vasitəsilə qeydiyyatdan keçmək lazımdır (https://adex.az/az-register/ ).

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol