Jurnalist Əziz Orucovun həbs müddəti uzadılıb

Səbail Rayon Məhkəməsində Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddəti daha bir ay uzadılıb. Bu barədə onun vəkili Bəhruz Bayramov anews.az-a açıqlamasında bildirib.
"Bu gün Əziz bəyin həbs-qətimkan tədbirinin 1 ay uzadılması ilə bağlı vəsatət verilmişdi. Vəsatət təmin olundu. Tarix 27 marta qədəq uzadıldı. Səhhəti ilə bağlı heç bir problemi yoxdur",- vəkil vurğulayıb.
Dekabrın 27-də də Səbail Rayon Prokurorluğu Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Əziz Orucov noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi qaldırılıb.
www.anews.az
























