Fermerlərə 254 milyon manat əkin subsidiyası ödənilib

2026-cı ildə 1,2 milyon hektar ərazidə aparılan əkinlərə görə 350 min fermerə ümumilikdə 254 milyon manat əkin subsidiyası ödənilib. Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov bildirib.
Onun sözlərinə görə, ödənilən subsidiyanın 14 milyon manatı 2 min hektar sahədə salınmış yeni müasir intensiv bağlara görə verilib.
Camalov qeyd edib ki, bəzi bitkilər üzrə məhsul subsidiyası tətbiq olunur və strateji yanaşma əkin subsidiyasından məhsul subsidiyasına keçiddir.
Agentlik sədri bildirib ki, pambıq, şəkər çuğunduru, tütün, qarğıdalı, günəbaxan, soya, alma və digər məhsullar üzrə ilin sonunadək ümumilikdə 87 milyon manata qədər məhsul subsidiyasının ödənilməsi planlaşdırılır.
O, həmçinin fermerlərin maliyyə əlçatanlığının artırılması məqsədilə yeni subsidiya və dəstək mexanizmlərinin hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, bu çərçivədə faiz subsidiyası mexanizminə başlanılıb.
Onun sözlərinə görə, fermerlərin birillik əkinlər üzrə özəl banklardan götürdükləri kreditlərin faizinin 19 faizə qədər olan hissəsi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiyalaşdırılır.

























