Damazlıq heyvanların alınmasına görə fermerlərə 24 milyon manat güzəşt ayrılıb

2026-cı ildə 5 803 baş damazlıq heyvanın alınmasına görə dövlət tərəfindən 24 milyon manat güzəşt ayrılıb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı dövlət proqramının icrası çərçivəsində Maliyyə Nazirliyi tərəfindən əlavə vəsaitlər ayrılıb. İlin sonunadək damazlıq heyvanların alınmasına görə verilən güzəştlərin həcminin 30 milyon manata çatacağı proqnozlaşdırılır.
Agentlik sədri, həmçinin ərzaqlıq buğda proqramının icrası barədə məlumat verib. Qeyd edib ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2023-cü ildən ərzaqlıq buğda proqramı həyata keçirilir.
Onun sözlərinə görə, proqramda iştirak etmək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək müvafiq müqavilə bağlayırlar. Proqram çərçivəsində fermerlərə dəyirmanlara təhvil verdikləri ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məhsul subsidiyası ödənilir. Bundan əlavə, idxal qiyməti ilə dövlət tədarük qiyməti arasındakı fərq də məhsul subsidiyasına əlavə olunaraq Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən fermerlərə verilir.
Camalov bildirib ki, ərzaqlıq buğda proqramına qoşulmağın əsas şərtlərindən biri əkin sahələrində pivot suvarma sistemlərinin quraşdırılmasıdır. Bu sistemlərin dəyərinin 40 faizi dövlət tərəfindən fermerin əvəzinə təchizatçıya ödənilir.
O əlavə edib ki, proqramda iştirak edən fermerlərin elektrik enerjisi və su təminatı üçün boru xətlərinin çəkilməsinə də dövlət büdcəsindən müvafiq vəsaitlər ayrılır.

























