İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat

Milli Məclisin deputatı Razi Nurullayev kənddən şəhərə miqrasiyanın qarşısını almaq üçün kənd sakinlərinə kommunal xidmətlərdə güzəştli tariflərin tətbiqini, kənddə ev alan və ya tikən ailələrə əlavə imkanların yaradılmasını, sahibkarlara isə xüsusi kredit və vergi şərtlərinin verilməsini təklif edib. Bu barədə deputat Milli Məclisdə çıxışı zamanı deyib.
Deputat, həmçinin kəndlərin sosial-iqtisadi inkişafını təmin etmək üçün ayrıca Kəndlərin İnkişafı Dövlət Proqramının hazırlanmasının vacibliyini bildirib.
Onun sözlərinə görə, insanları kənddə yaşamağa təşviq etmək üçün sadəcə çağırışlar etmək kifayət deyil, kənd həyatının iqtisadi və sosial baxımdan daha əlverişli olması təmin edilməlidir.
Deputat hesab edir ki, kənd sakinləri işıq, qaz və su üçün şəhər sakinləri ilə eyni maliyyə yükünü daşımamalıdır.
“Kənd əhalisi üçün kommunal xidmətlərdə daha aşağı tariflərin tətbiqi nəzərdən keçirilsin. Bu, sadəcə sosial güzəşt deyil. Bu, kənddə yaşayışı və kənd iqtisadiyyatını stimullaşdıran dövlət siyasətinə çevrilməlidir”, - o bildirib.
Razi Nurullayev mənzil məsələsində də kənd sakinləri üçün əlavə imkanların yaradılmasını təklif edib. Onun fikrincə, xüsusilə şəhərdən kəndə köçən gənc ailələrin ev alması və ya tikməsi daha əlçatan olmalıdır.
Deputat kənd yerlərində biznes quran sahibkarlar üçün güzəştli kreditlərin, aşağı faiz dərəcələrinin və vergi imkanlarının yaradılmasını da vacib sayır.
O qeyd edib ki, kəndlərin inkişafı yalnız iqtisadi güzəştlərlə məhdudlaşmamalıdır. Yol, internet, su, kanalizasiya, məktəb, tibb xidməti, uşaq bağçası və ictimai nəqliyyatın keyfiyyəti də yüksəldilməlidir.
Razi Nurullayev bu sahələrdə həyata keçirilən dövlət layihələrinin vahid proqram çərçivəsində birləşdirilməsini təklif edib.
“Bu proqram yalnız kənd təsərrüfatını əhatə etməməlidir. Kənddə yaşayışın bütün tərəflərini – ev, kommunal xidmətlər, məşğulluq, biznes, kredit, sosial xidmətlər və infrastrukturu bir proqram daxilində birləşdirməliyik”, - deputat vurğulayıb.
O hesab edir ki, məqsəd yalnız kənddən şəhərə köçün qarşısını almaq deyil, şəhər sakinləri üçün də kəndə köçməyi əlverişli seçimə çevirmək olmalıdır.
“Kəndi yaşatmaq istəyiriksə, kənddə yaşamağı üstün seçimə çevirməliyik. Bunun yolu isə çağırışlardan yox, real iqtisadi və sosial üstünlüklər yaratmaqdan keçir”, - Razi Nurullayev əlavə edib.

Son xəbərlər 
Daha çox 























