Azərbaycanda nağdsız kart ödənişləri 25,6% artıb

Azərbaycanda ölkədaxili nağdsız kart ödənişlərinin həcmi 25,6% artaraq 99,1 milyard manata çatıb. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, elektron ticarət əməliyyatlarının sayı 43,4%, həcmi isə 29,8% artıb. İnternet və mobil bankçılıq vasitəsilə müştəri köçürmələrində müvafiq olaraq 12,4% və 14,3% artım qeydə alınıb.
Bank sektorunun kredit portfeli 11,8% artaraq 31,8 milyard manata çatıb. Qasımlı bildirib ki, kredit portfelinin illik artım tempi nominal qeyri-neft ÜDM-in 6,1%-lik artımını üstələyir.
Bankların məcmu kapitalı 3,3% və ya 224 milyon manat artaraq 7,1 milyard manat təşkil edib. Bank aktivlərinin 49,1%-i xalis kredit portfelinin, 25,3%-i isə likvid aktivlərin payına düşüb.
Qasımlı elektron bankçılığın və nağdsız ödənişlərin genişlənməsinin kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb etdiyini vurğulayıb. Onun sözlərinə görə, süni intellekt və böyük verilənlər banklara kredit, likvidlik, bazar və əməliyyat risklərini daha dəqiq qiymətləndirməyə imkan verir.

Son xəbərlər 
Daha çox 























