Azərbaycanda texnoparklar üçün 20 illik vergi güzəştləri tətbiq olunacaq

Azərbaycanda 2027-ci il yanvarın 1-dən texnoparkların fəaliyyət dairəsinin genişləndirilməsi və 20 illik vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, yeni fəaliyyət istiqamətləri proqram təminatının hazırlanması və sistem inteqrasiyası ilə yanaşı, avadanlıq istehsalı və yığılmasını, süni intellekt, dron və digər sahələri əhatə edəcək.
Osmanov bildirib ki, dəyişikliklər İKT sektorunun inkişafına, xarici şirkətlərin Azərbaycanda fəaliyyətə başlamasına və ölkədən ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Dövlət qurumları ilə imzalanmış yol xəritələri çərçivəsində dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqi də genişləndirilir. Növbəti mərhələdə proaktiv və süni intellekt agentləri əsasında xidmətlərin inkişafı strateji hədəf kimi müəyyənləşdirilib.
Agentlik sədri innovasiya ekosisteminin inkişafı çərçivəsində vençur fondlarının yaradılması istiqamətində Mərkəzi Bankla sıx əməkdaşlıq edildiyini də qeyd edib.


Son xəbərlər 
Daha çox 






















