Məşhur yunan rejissoru Azərbaycanda tamaşa hazırlayacaq

Bu günlərdə məşhur yunan rejissoru Teodoros Terzopulos Akademik Milli Dram Teatrının direktoru İsrafilov İsrafilovun dəvəti ilə Bakıda olub.
Teatrdan ANS PRESS-ə verilən məlumata görə, avropanın aparıcı rejissorlarından sayılan Teodoros Terzopulosla teatr arasında əldə olunan razılığa əsasən cari ilin sonlarında rejissor Akademik Milli Dram Teatrının səhnəsində Sofoklun “Antiqona” faciəsini tamaşaya hazırlayacaq. T.Terzopulosun bu səfərində ilin sonlarında hazırlanması nəzərdə tutulan “Antiqona” tamaşasının detalları müzakirə olunub. Rejissor iki günlük gərgin qrafikli səfəri zamanı Akademik Milli Dram Teatrında gənc rejissor, aktyor və teatrşünaslarla da görüşüb, gəncləri maraqlandıran sualları cavablandırıb. Görüşdə qeyd olunub ki, tezliklə T.Terzopulosun Bakıya daha bir səfəri gözlənilir. Növbəti səfərdə rejissor “Antiqona” tamaşası üçün kastinq həyata keçirmək, eləcə də seminarlar və ustad dərsləri təşkil etmək fikrindədir. Qeyd edək ki, T.Terzopulos Yunanıstanın şimalında, Evripidin doğulduğu Makriqialos kəndində anadan olub. Teatr təhsilini Yunanıstanda və Almaniyada alıb. Berliner Ansamblda Rut Berqhauz, Benno Benson, Hayner Müllerin rəhbərliyi altında çalışıb. 1981-1983-cü illərdə Şimali Yunanıstan Dövlət Teatrının Dram məktəbinin rəhbəri olub. 1993-cü ildən Teatr Olimpiadası Beynəlxalq Komitəsinin prezidentidir. 1985-ci ildə Afinada Attis Teatrını yaradıb və Delf festivalını təşkil edib.1990-cu ildə Aralıq dənizi ölkələri teatrları beynəlxalq institutunu yaradıb və bu instututa rəhbərlik edib. Rejissorun bir çox tamaşası nüfuzlu mükafatlara layiq görülüb. “Vakxanqlar” Madriddə və Malaqada keçirilən festivalda, “Farslar” Karakasda, Monpelyedə Barselonada və Lissabonda ən yaxşı tamaşa mükafatına layiq görülüb. Rusiyada Alla Demidova ilə hazırladığı “Medeya”, “Kvartet”, “Hamlet – dərs” tamaşaları ilə məşhurdur. Yaradıcılığında daha çox klassik mətnlərlə - xüsusən də antik yunan dramaturgiyasının nümunələri ilə işləməyə üstünlük verir. Sofokl, Evripid, Esxil, Antik yunan dramaturqları ilə yanaşı, B.Brext, S.Bekket, H.Müller, R.Fassbinder, F.Q.Lorka, B.Pasternak, A.Stridberq, E.Arendt, kimi müəlliflərin də əsərlərinə quruluş verib. Sonuncu işi Rusiyanın Aleksandrinski teatrında S.Bekketin pyesi əsasında hazırladığı “Oyunun sonu” tamaşasıdır. Hazırda T.Terzopulos Avropa teatrında antik faciə üzrə ən yaxşı mütəxəssis hesab olunur. ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















