Bu il üçün Azərbaycanın Xalq Yaradıcılığı paytaxtlarının təqdimatı keçirilib

2014-cü il üçün Azərbaycanın Xalq Yaradıcılığı paytaxtlarının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Qəbələ, Balakən və Abşeron rayonu Xalq Yaradıcılığı Paytaxtı elan edilib.Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ilin ənənəsinə uyğun olaraq, Xalq Yaradıcılığı paytaxtları elan olunur. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd folklor, diyarşünaslıq və sənətkarlıq kimi qeyri-maddi mədəni irsin qorunması və təbliğidir. Nazir deyib ki, 5 il öncə başlanmış bu layihəyə hazırda maraq artmaqdadır: “Artıq rayonların arasında rəqabət də görünür. Bu layihə 5 il müddətinə nəzərdə tutulub, lakin əldə olunmuş nailiyyətlər, müraciətləri nəzərə alaraq, yəqin ki, yaxın günlərdə kollegiyanın qərarı ilə bu layihəni 5 il də uzada biləcəyik. Çünki Azərbaycanın qeyr-maddi irsi daha zəngindir. Biz qeyd etməliyik ki, layihə insanların gündəlik həyatında iz buraxıb və gələcəyə daha da ümidlə baxmağa imkan verir. Layihə qeyri-maddi irsin saxlanmasına böyük əhəmiyyət verir. Bu proqramların digər regionlarda da davam etdirilməsi nəzərdə tutulur”. Nazir qeyd edib ki, Azərbaycanın təqdim etdiyi nominasiyalar həmişə beynəlxalq dəstək alır. Ə. Qarayev bildirib ki, Azərbaycanda keçmiş SSRİ dövründən fəaliyyət göstərən klubların tədricən istiqamətinin dəyişdirilməsi və Xalq Yaradıcılığı Mərkəzinə çevrilməsi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, “Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair” Dövlət Proqramına uyğun olaraq, müvafiq işlər görülür. Sonra layihəyə uyğun olaraq, Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Balakən “Azərbaycanın Folklor Paytaxtı” və Abşeron “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilib. Qeyd edək ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı təsdiq olunub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















