• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"

İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
25.09.2020 13:08
"Keçən dəfə fevral ayındakı görüşümüzdən bəri regionumuzda bir çox şey dəyişib. Əfsuslar olsun ki, region daha təhlükəsiz bir məkana çevrilməyib. Təəssüf ki, vəziyyət mənfi məcraya doğru gedir. Bu da əsasən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə baş verir. Ən təcavüzkar addım Ermənistan tərəfindən iyulun 12-də atılmışdır. Onlar bizim hərbi mövqeləri və kəndlərimizi atəşə tutmaq üçün artilleriyadan istifadə etmişlər. Bunun nəticəsində hərbi qulluqçular arasında itkilər olmuşdur və bir mülki şəxs də öldürülmüşdür. Ermənistanla dövlət sərhədinə yaxın kəndlərdə bir çox evlər darmadağın edilmişdir. Bundan əvvəl yenə də Ermənistan və Azərbaycan arasında dövlət sərhədində Ermənistanın hərbi təxribatları müntəzəm xarakter daşıyırdı.

Anews.az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib. 

"Bildiyiniz kimi, bir müddət əvvəl sərhəddən ordumuz çıxarılmışdır və indi Ermənistanla dövlət sərhədinin böyük bir hissəsi sərhəd xidməti tərəfindən mühafizə olunur. Bu, bizim Ermənistanla dövlət sərhədində heç bir hərbi niyyətlərimizin olmadığını göstərir. Ola bilsin ki, bu, onlara yanlış bir mesaj idi. Onlar bizə hücum edə biləcəklərini, dövlət sərhədini keçə biləcəklərini və yeni əraziləri işğal edə biləcəklərini düşündülər. Bu, Ermənistanın müdafiə nazirinin bəyanatına müvafiqdir. O, bu bəyanatı Amerika Birləşmiş Ştatlarında olarkən vermişdir və demişdir ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə başlayacaq. Bu, Ermənistanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirir. İyulda hücumların məqsədi, dediyim kimi, əsasən Azərbaycanın yeni ərazilərini işğal etmək və sonra danışıqlar masasında daha güclü mövqeyə malik olmaq idi. İkinci səbəb Ermənistan əhalisinin diqqətini daxili problem və çətinliklərdən yayındırmaq idi. Növbəti səbəb, zənnimcə, onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirdilər. Məğlub olduqdan dərhal sonra onlar yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdilər.

Səbəblərdən biri də danışıqlar prosesini pozmaq idi. Bəlkə də başqa səbəblər var idi, lakin düşünürəm ki, bunlar əsas səbəblər idi. Onlar məqsədlərinə nail ola bilmədilər. Onlar yalnız bir məqsədə nail oldular, bu da danışıqların dayanmasıdır. Bütün məsuliyyət Ermənistanın üzərindədir. Onlar danışıqları aparmaq istəmədiklərini nümayiş etdirdilər. İşğal olunmuş ərazilərdə, Xankəndidə Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır” bəyanatı faktiki olaraq Ermənistanın danışıqları tərk etməsini nümayiş etdirirdi. Çünki əks halda o, bu qəbuledilməz və yanlış bəyanatı səsləndirməkdən çəkinərdi.

Onların danışıqlar prosesini bilərəkdən pozmasının daha bir göstəricisi Dağlıq Qarabağdan olan separatçıları danışıqlar prosesinə cəlb etmək üçün ardıcıl səyləri göstərməsi idi. Bu da tərəfimizdən dərhal rədd edilmişdir və Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənməmişdir. Başqa sözlə, onlar artıq uzun illərdir ki, mövcud olan danışıqların formatını dəyişmək istəyirdilər. Bildiyiniz kimi, iyul təxribatlarından sonra, avqust ayında onlar təmas xəttinə diversiya qrupunu göndərmişdi və bu diversiya qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən yaxalanmışdır. O, etiraf etdi və ifadə verdi ki, o və onun dəstəsi mülki əhaliyə hücum etmək, terror aktlarını törətmək və hərbi quluqçularımıza hücum etmək üçün göndərilmişdir. Bu, onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Onu da göstərir ki, Ermənistan müharibəyə hazırlaşır. Bunun başqa bir göstəricisi odur ki, onlar könüllülərdən ibarət qoşun yaradıldığını elan ediblər və bəyanatlara əsasən, bu dəstələr on minlərlə adamdan ibarət olacaq. Əgər Ermənistan bəzən bəyan etdikləri kimi sülh istəyirsə, əgər onlar danışıqlar istəyirlərsə buna nə ehtiyac var? Onların bu yalan və gülünc bəyanatlar verməsinə və praktiki addımlar atmasına nə ehtiyac var? On minlərlə insandan ibarət könüllü qoşunun bir məqsədi var - Azərbaycana hücum etmək. Onlar bu könüllü qoşunun tərkibinə yaşlı insanları və hətta qadınları daxil edirlər. Onlar işğal olunmuş ərazilərdə qondarma hərbi təlimlər təşkil edirlər ki, bu da bizə qarşı daha bir təxribatdır", - dövlət başçısı əlavə edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol