Azərbaycan və Almaniyanın 9 aylıq ticarət dövriyyəsi $1 milyard

Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 2025-ci ildə 1,4 milyard dollar, 2026-cı ilin doqquz ayında isə 1 milyard dollar təşkil edib, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohan David Vadeful ilə apardığı danışıqlar zamanı bildirib.
Bayramovun sözlərinə görə, Azərbaycanda 280 Almaniya şirkəti qeydiyyatdan keçib; Almaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 959 milyon dollar, Azərbaycanın Almaniyaya yatırdığı investisiyalar isə 670 milyon dollar təşkil edib, bundan əlavə, Dövlət Neft Fondu (ARDNF) Almaniyaya 1,8 milyard ABŞ dolları sərmayə qoyub. Nazir qeyd edib ki, iki ölkə arasında 80 sənəd imzalanıb, daha 10 sənəd üzərində işlər davam etdirilir və yaxın günlərdə yaradılmış Azərbaycan–Almaniya Biznes Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.
2025-ci ildə Almaniya Prezidentinin Azərbaycana və 2026-cı ildə Prezident İlham Əliyevin Almaniyaya səfərləri daxil olmaqla müntəzəm təmasları, habelə nümayəndə heyətinin tərkibində Almaniya parlamentinin üzvlərinin Bakıya gəlişini vurğulayan Bayramov Almaniyaya müntəzəm neft ixracı ilə yanaşı, cari ildən etibarən qaz ixracına da başlanıldığını bildirib. Hazırda Azərbaycanın 10-u Avropa ölkəsi olmaqla 16 ölkəyə qaz ixrac etdiyini deyən nazir görüşdə həmçinin Xəzər–Qara dəniz sualtı enerji kabeli layihəsinin və Orta Dəhlizin inkişafında Azərbaycanın rolunun müzakirə olunduğunu qeyd edib.

























