Almaniya XİN rəhbəri Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına çağırıb

Almaniya Cənubi Qafqazı böyük imkanlar regionu hesab edir və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır, bunu Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Bakıya səfəri zamanı bildirib.
Nazirin sözlərinə görə, Berlin tərəflərin Vaşinqtonda əldə etdiyi nailiyyətləri alqışlayır və bu prosesdə konstruktiv mövqeyini qoruyacaq. "Mən bu gün Ermənistanda da deyəcəyəm ki, sülh müqaviləsi artıq imzalansın və proses başa çatsın; Azərbaycan Prezidenti də buna hazır olduğunu bildirib", — deyə Vadeful qeyd edərək sülhün yeni nəqliyyat bağlantılarının inkişafına dəstək verəcəyini vurğulayıb.
Almaniya XİN rəhbəri Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasəti fonunda Berlinin enerji ehtiyatlarını diversifikasiya etməyə çalışdığını və Azərbaycanın bu istiqamətdə mühüm tərəfdaş olduğunu deyib. O, Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib və Almaniyanın Ukraynanın suverenliyini qorumaq üçün bütün imkanlarla dəstək verəcəyini bildirib.
Vadeful Orta Dəhliz çərçivəsində dəmir yolu, avtomobil, elektrik enerjisi və rəqəmsal bağlantılar sahəsində geniş imkanların olduğunu, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin də bu əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Nazir həmçinin Azərbaycan–Almaniya Biznes Şurasının artıq fəaliyyətə başlamalı olduğunu deyib, texniki ali məktəblər və Göte İnstitutu ilə əməkdaşlığı dəstəkləyib. İranla münasibətlərə və Türkiyə ilə müzakirə olunan yeni "A4" formatına toxunan Vadeful deeskalasiyanın vacibliyini vurğulayaraq hərbi eskalasiyanın beynəlxalq qaydalara zidd olduğunu və bütün Xəzər bölgəsi üçün təhlükə yaratdığını bildirib.

























