Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər

Paris hava limanlarını təmsil edən iki həmkarlar ittifaqı Milad tətili ərəfəsində dörd günlük tətil elan edib.Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Bildirilib ki, tətil təşəbbüsü CGT və FO həmkarlar ittifaqları tərəfindən irəli sürülüb. Birgə bəyanata əsasən, aksiya dekabrın 17-də saat 05:00-da başlayacaq və dekabrın 20-si gecə yarısınadək davam edəcək.
Tətilə Orli və Şarl-de-Qoll hava limanlarını idarə edən ADP şirkətinin əməkdaşları qoşulacaq.
İşçilər nəqliyyat xərclərinə görə kompensasiyanın 20 % artırılmasını, hər bir əməkdaşa 1 000 avro məbləğində mükafat verilməsini və yeni iş yerlərinin yaradılmasını tələb edirlər.
Tətil qərarı şirkət rəhbərliyi ilə aparılan danışıqların nəticəsiz qalmasından sonra qəbul edilib. Həmkarlar ittifaqları bildiriblər ki, səhmdarlara əlavə 80 milyon avro ayrılmasına baxmayaraq, rəhbərlik güzəştə getməyib.
Bundan başqa, həmkarlar ittifaqları əməkhaqlarının artırılması məsələsinin tarif cədvəllərinə yenidən baxılması zərurəti ilə əsaslandırılaraq müzakirədən kənarda saxlanılmasını tənqid ediblər.























