Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub

Noyabrın 28-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Ukraynaya qarşı döyüş əməliyyatlarını təmin edən üç mühüm neft obyektinə zərbə endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Telegram” kanalında yayılan məlumatda bildirilib.
Məlumata görə, zərbələr Samara şəhərindəki “Urals” qovşağına, Başqırdıstandakı “Nurlino” stansiyasına və Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavoduna endirilib.
Bildirilib ki, Samara vilayətinin Prosvet yaşayış məntəqəsi yaxınlığında Rusiyanın neft ixracının yarısınadək hissəsinin keçdiyi “Samara” xətti istehsalat-dispetçer stansiyası vurulub. Stansiyanın rezervuar parkında yanğın başlayıb.
“Bura Rusiyanın neft nəqliyyatı üzrə “Transneft” şirkətinin əsas qovşaqlarından biridir və burada “Urals” ixrac qarışığı formalaşdırılır”, - məlumatda qeyd olunub.
Bundan əlavə, Başqırdıstan Respublikasında yerləşən “Nurlino” xətti istehsalat-dispetçer stansiyasının da vurulduğu bildirilib. Stansiya Ukrayna sərhədindən 1 200 kilometrdən çox məsafədə yerləşir.
Baş Qərargah qeyd edib ki, stansiya “Transneft”in magistral neft kəmərləri sistemində fəaliyyət göstərir və əsas magistral xətlər vasitəsilə böyük həcmdə Rusiya neftinin nəqlini təmin edir.
Ukrayna Müdafiə Qüvvələrinin digər hədəfi Rostov vilayətindəki Novoşaxtinsk neft emalı zavodu olub. Müəssisə ildə 7,5 milyon tona qədər neft emal etmək gücünə malikdir.
Bildirilib ki, hücumdan sonra zavodun ərazisində güclü partlayışlar baş verib və yanğın başlayıb.























