SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır

SOCAR-ın nəzarətində olan İtaliyanın Italiana Petroli (IP) şirkəti 2027–2031-ci illər üçün neft emalı zavodlarının səmərəliliyinin artırılmasını da nəzərdə tutan beşillik inkişaf planı hazırlayır. Bunu şirkətin baş direktoru Levan Davitaşvili bildirib.
Onun sözlərinə görə, investisiyaların həcmi dəqiqləşdirilir, plan isə əməkdaşlar, investisiya şirkətləri, banklar və aidiyyəti qurumlarla razılaşdırılır. Plan istehsal texnologiyalarının və idarəetmənin təkmilləşdirilməsini, uzunmüddətli perspektivdə rəqabətqabiliyyətli məhsulların istehsalını əhatə edəcək.
Davitaşvili bildirib ki, SOCAR Trading IP-nin İtaliyadakı iki neft emalı zavodunu xammalla təmin edir. O, ümumi illik emal gücü 10 milyon ton olan müəssisələrin bu il müxtəlif mənbələrdən neftlə tam təmin olunacağını gözlədiyini deyib.
Ankonadakı zavodun illik emal gücü təxminən 3–3,5 milyon tondur və müəssisə İtaliyanın iri bitum istehsalçılarındandır. Xammalın daha böyük hissəsi isə yanacaqdoldurma məntəqələri və Milan hava limanı üçün yanacaq istehsal edən SARPOM zavoduna yönəldilir.
Şirkət həmçinin yaşıl hidrogen və əlaqəli məhsulların istehsalı təşəbbüsləri üçün qrant müraciəti təqdim edib. Davitaşvilinin sözlərinə görə, bu layihələr böyük investisiyalar tələb etdiyindən IP Avropa İttifaqının, İtaliya hökumətinin və ya regional hakimiyyət orqanlarının maliyyə dəstəyinə ümid edir.
O, gələcəkdə zavodların emal gücünün artırılmasını da istisna etməyib, lakin konkret qərar və ya müddət açıqlamayıb.

























