Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov

Milli Məclisin deputatı Siyavuş Novruzov bəzi məmurların qanunsuz yollarla əldə etdikləri var-dövləti ailə üzvlərinin və qohumlarının adına rəsmiləşdirdiyini açıqlayıb.
Deputat parlamentdə çıxışı zamanı bildirib ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində məsuliyyətə cəlb olunan bəzi məmurların öz adlarına əmlak və vəsait olmadığını, onların ailə üzvlərinin və yaxınlarının adına aktivlər rəsmiləşdirildiyini görmək mümkündür.
“Bir çox hallarda göstərirlər ki, guya keçmişdən qalan vəsaitləri olub, babasından qalıb. Əslində, yoxlasınlar, babası lütmü olub, nə olub? Onun adına hər hansı əmlak yazdırırlar ki, guya həmin şəxsin vəsaiti hesabınadır. Mən hesab edirəm ki, bəyannamə bunların hamısını açıq şəkildə göstərəcək”, – Siyavuş Novruzov qeyd edib.
Deputatın sözlərinə görə, qanun layihəsi ədalətsiz sahibkarlığın qarşısının alınmasına da xidmət edəcək. O bildirib ki, qanunsuz əldə edilmiş böyük vəsaitlərin ticarət, tikinti, kənd təsərrüfatı və digər sahələrə yatırılması kiçik və orta sahibkarların rəqabət imkanlarını zəiflədir.
“Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaş bankdan 23-24 faizlə kredit götürüb iş qurmaq istəyəndə, böyük vəsaitləri olan şəxslərlə rəqabət aparmaqda çətinlik çəkir. Çünki həmin vəsaitlər qanunsuz yollarla əldə edildiyindən onların sahibləri üçün xərcin fərqi yoxdur”, – deputat bildirib.
Siyavuş Novruzov maraqların toqquşması ilə mübarizədə yalnız məmurların deyil, onlara qanunsuz üstünlük təklif edən şəxslərin də məsuliyyətinin nəzərə alınmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, vəzifəli şəxslərin qohumlarının və yaxınlarının hədiyyələr və digər vasitələrlə işə düzəldilməsinə şərait yaradılması dövlət qurumlarının fəaliyyətinə və yerli idarəetməyə zərər vurur.

























