Musiqili Teatrda “Toya bir gün qalmış” tamaşası nümayiş olunacaq

Azərbaycan Dövlət Musiqili Teatrında tamaşaçıların böyük sevgi və rəğbətini qazanmış Əli Səmədlinin "Toya bir gün qalmış” iki hissəli komediyası nümayiş olunacaq.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, səhnə əsərinin növbəti nümayişi həftəsonu – 30 sentyabr tarixində saat 19.00-da baş tutacaq. Teatrın aktrisası, Xalq artisti, "Şöhrət” ordenli, milyonlarla tamaşaçının sevimlisi Afaq Bəşirqızı səhhəti ilə əlaqədar yaranmış uzun fasilədən sonra növbəti dəfə səhnəyə çıxacaq. Bundan öncə isə o, 107-ci mövsümün açılış günü – dahi Üzeyir Hacıbəylinin məşhur "O olmasın, bu olsun” komediyasında tamaşaçıların görüşünə gəlmişdi. Qeyd edək ki, A. Bəşirqızı günümüzün reallıqlarına güzgü tutan, gülməli olduğu qədər də kədər doğuran "Toya bir gün qalmış” tamaşasında baş qəhrəmanı – Qadın obrazını canlandırır.
Tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assisenti Tamilla Aslanovadır.
Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Hüseyn Əlili, Fərid Rzayev və başqaları ifa edirlər. Gözlənilməz, sürpriz dolu hadisələrlə zəngin olan bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası, Xalq artisti Ənvər Sadıqov ifa edir. O, həm də tamaşanın musiqi rəhbəridir.
Qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















