Maka Boçorişvili: Bakı-Tbilisi-Qars dəmir yolu regional əlaqəliliyin güclənməsinə töhfə verəcək

Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin başa çatdırılması təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır.
Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat üçün brifinqdə deyib.
O bildirib ki, altı illik fasilədən sonra Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkətinin bərpası iki ölkə arasında münasibətlərin və xalqlararası əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addımdır.
Nazir Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin tranzit potensialının artırılması və regional əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Boçorişvili qeyd edib ki, cari ildə energetika sahəsində əldə olunan mühüm razılaşmalar iki ölkə arasında əməkdaşlığı dərinləşdirir və regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi və investisiya sahələrində müsbət dinamika müşahidə olunur. Bununla belə, mövcud potensialdan daha səmərəli istifadə etmək və iqtisadi əlaqələri genişləndirmək üçün imkanlar böyükdür.
Gürcüstanın XİN rəhbəri Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığının regional əhəmiyyətini də diqqətə çatdırıb. O bildirib ki, gələn il üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün Gürcüstanda keçirilməsi nəzərdə tutulur.
Boçorişvili, həmçinin Cənubi Qafqazdakı vəziyyətə və Azərbaycan-Ermənistan münasibətlərinə toxunub. O, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan irəliləyişi alqışladıqlarını bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın inkişafı regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də Cənubi Qafqazın potensialından daha səmərəli istifadəyə şərait yaradacaq.
O, çıxışında TRIPP təşəbbüsünün də regional bağlantıların gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
























